“Evdə tək”in ulduzu tənqidçilərlə razılaşmır  

08:35 11.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

1990-cı ildə "Evdə tək" filmi ilə dünya ulduzuna çevrilən Makaulay Kulkin "Hot Ones" verilişinə çıxıb. O, tənqidçilərin filmi ilk filmdən daha az uğurlu hesab etmələrinə baxmayaraq, “Evdə tək 2: Nyu Yorkda itkin” filmini daha çox bəyəndiyini söyləyib.

Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, o, Kevin Makkallisteri canlandırdığı iki film arasında seçim etməsinin səbəbini yarızarafatcasına belə izah edib: "Daha çox pul qazandım. Məncə, gəlirin 5 faizi mənə çatıb. Əlavə laraq məhsulların da 15 faizini alıram. Yəni, Talkboy alsanız, 15 faizi mənə qalacaq. Çox təşəkkür edirəm. Yeri gəlmişkən, bu Milad bayramında bir Talkboy alın".

Talkboy ikinci filmdə böyükləri aldatmaq üçün Kevin Makkallisterin personajının istifadə etdiyi səs yazan cihazdır.

Hər iki "Evdə tək" filmi kassada böyük uğurlar qazandı.

Kulkindən bu filmlərdə döyüşdüyü yaramazlardan biri olan Co Peskinin daha yaxşı ekran kimyası yaratmaq üçün ona qəsdən pis rəftar etməsi ilə bağlı şayiələr də soruşulub.

Keçmiş uşaq ulduz nadir hallarda ekrana çıxan 82 yaşlı aktyordan danışıb: “Onun niyə “Uşağı qorxutmaq istəyirəm. Qorxunc olmalıyam” dediyini başa düşürəm. Yadımdadır, bir yerdə oturmuşduq və o, məndən “necəsən, bala?” soruşdu. Cavab verdim ki, yorğunam, dörd-beş aydır evə getmirəm. O da dedi ki, üç ildir evə getmir. Bəli, düşünürəm ki, siz 10 yaşlı uşağı yendiniz, Co Peski”.

Son illər Kalkin Amazon Prime Video-da “The Second Best Hospital in the Galaxy” cizgi serialında personajı səsləndirib. O, həmçinin “American Horror Story: Double Feature” və “The Righteous Gemstones” kimi seriallarda da rol alıb. 44 yaşlı aktyor uzun müddətdir ki, mediadan uzaqlaşır. 2021 və 2023-cü illərdə uşaq dünyaya gətirən həyat yoldaşı Brenda Sonq 2024-cü ilin mart ayında verdiyi müsahibədə "Evdən çox çıxmırıq. Birlikdə çox vaxt keçiririk. Vaxtımız olanda yeməyə gedirik" demişdi.